Rusiyalı jurnalist: “Bakı Kremlə öz dişlərini göstərməlidir”

“Rəsmi Bakı artıq dişlərini göstərməlidir, çünki bu cür publika yalnız güc dilini və güc təhdidi dilini başa düşür”.
APA TV-nin məlumatına görə, Rusiyalı jurnalist, Qafqaz üzrə mütəxəssis İnqvar Ryurikson “Vesti.az” saytına Kremlin qeyri-konstruktiv mövqeyini belə şərh edib.

Jurnalist bildirib ki, Azərbaycan artıq tək deyil: “Azərbaycan artıq əvvəlki kimi tək deyil, onun arxasında Türkiyə dayanıb, Türkiyənin arxasında isə NATO və Amerika var. Və lazım olan hər kəs anlamalıdır ki, bu ölkə ilə indiyə kimi davrandıqları kimi həyasızcasına davranmaq çox ciddi nəticələrə səbəb ola bilər”.

İnqvar Ryurikson Azərbaycanın Gömrük İttifaqına qoşulma perspektivlərinə də münasibət bildirib: “Bir çoxları hesab edir ki, hər bir ölkə mütləq hansısa bloka daxil olmalıdır. Lakin Azərbaycan kifayət qədər təbii ehtiyatları olan, mürəkkəb tarixə malik ölkədir. Bu ölkə hansısa ittifaq və assosiasiyalarda iştirakda maraqlı deyil, başqaları Azərbaycanla dostluq etmək istəyir. Azərbaycan ixracatının əsasını təşkil edən karbohidrogen ehtiyatları Rusiyaya lazım deyil, Qərb yanacaq satmaqda daha bir vasitəçi əldə etmək isə Kremlin maraqlarına cavab vermir. Deyilənlər fonunda Avropa Birliyi ilə assosiasiya daha üstün görünür, lakin mən bu məsələdə tələsməzdim. Qərb heç nəyi səbəbsiz etmir. AB ilə assosiasiya gömrük baryerlərinin aşağı salınmasını nəzərdə tutur, lakin hər iki tərəfdən. Hələ yeni-yeni ayaq üstə durmağa başlayan Azərbaycan iqtisadiyyatı Avropa mallarının axını qarşısında tab gətirə biləcəkmi? Cavab məncə, məlumdur. Mən Azərbaycanda bu gün yaşanan iqtisadi bumu gözlərimlə görmüşəm. Bütün bu prosesin dayanması məni təəssüfləndirərdi. Avropaya gəldikdə isə, Avropa heç yerə qaçmır. Azərbaycan nefti olmadan Avropa inhisarçı Rusiya ilə üz-üzə qalmağa məcbur olacaq. Bu səbəbdən istənilən halda Avropa Azərbaycanla iş görəcək, həm də Azərbaycanın diktə etdiyi şərtlərlə”.

 

Müəllif | Apa.Tv
Apa.tv