"Ağ şəhər" layihəsi Fransa şirkətlərinin maraq dairəsində

Fransa Bakı Metropoliteninin inkişaf etdirilməsi layihəsi üzrə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. APA TV-nin xəbərinə gprə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Azərbaycan-Fransa hökumətlərarası komissiyanın 7-ci iclasının yekununa dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakı Metropoliteninin genişləndirilməsi üzrə beynəlxalq konsorsiuma Fransanın "Sistra" şirkəti başçılıq edir: "Bu şirkətlə Bakı metropolitenin genişləndirilməsi üzrə çalışırıq. Prezident tərəfindən Bakı metropoliteninin növbəti 30 ilini əhatə edən konseptual inkişaf sistemi təsdiq olunub. Bu sxemin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Fransanın müvafiq şirkətləri bizə həm müvafiq texnoloji avadanlıqların təchiz edilməsi, eyni zamanda metro vaqonları ilə təchiz etmə kimi təkliflər edir".

 

Nazirin sözlərinə görə, əməkdaşlığın digər istiqaməti dəmiryol xəttinin inkişaf etdirilməsi layihəsidir. Bundan başqa, Fransa şirkətləri "Ağ şəhər" layihəsi ilə də yaxından maraqlanır. Azərbaycan Fransa ilə son illər kosmik sənayesinin inkişafında çox sıx əməkdaşlıq edir: "Azərbaycanın ilk telekommunikasiya peykini Fransanın Orion S-pas şirkəti orbitə çıxarıb. İkinci peykin orbitə buraxılması üçün müvafiq danışıqlar gedir. Güman edirik ki, bu danışılar yaxın gələcəkdə konkret müqavilə ilə yekunlaşacaq".

Nazir Fransanın "Total" şirkətinin "Şahdəniz 2" layihəsində payçı kimi iştirak etdiyini vurğulayıb. Azərbaycan səfərinin Azərbaycan və Fransa prezidentlərinin noyabrın 28-də Vilnüsdə keçiriləcək görüşü ərəfəsində baş tutduğunu deyən Fransanın xarici ticarət naziri xanım Nikol Brikin sözlərinə görə, Fransa Azərbaycanın böyük layihələrində, xüsusilə qarşıdan gələn idman tədbirlərində iştirak etmək istəyir.

Keçirilən iclasın sonunda protokol imzalanıb.

 

Müəllif | Apa.Tv