Ucqar kəndlərdə BANKOMAT QITLIĞI

Regionlarda, xüsusilə ucqar kəndlərdə yaşayan pensiyaçılar təqaüdlərini almaq üçün bankomat tapmaqda çətinlik çəkirlər. Təqaüdçülərin sayına nisbətdə bankomatların sayı azlıq təşkil edir. Xüsusən də təqaüdlərin verilməsi zamanı vəziyyətə daha acınacaqlı olur. APA TV-nin məlumatına görə, kartlarına köçürülən məbləği almaq üçün bankomatlara üz tutan təqaüdçülər saatlarla növbə gözləməyə məcbur olurlar. Eyni zamanda kəndlərdə yaşayan təqaüdçülər hər dəfə pensiyalarını almaq üçün şəhər mərkəzinə gəlməli yaxud da kartını və parolunu kimsə etibar etməli olur.

 

Pensiyaların ödənişi ilə məşğul olan bankın nümayəndəsi Vahid Əlişanov isə deyilənlərlə razılaşmır. Bankomatların quraşdırılması zamanı həmin ərazidə yaşayan təqaüdçülərin sayının nəzərə alındığını deyən Vahid Əlişanov bildirib ki, 2014-cü ildə Xaçmazın bir neçə yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılacaq.

 

Hazırda ölkədə 2224 bankomat var ki, onların 1224-ü Bakıda, qalanı rayonlardadır. Rayonların sayına düşən bankomatların isə əsas hissəsi mərkəzdə yerləşir.

 

Müəllif | Apa.Tv