“Məşədi Dadaş” MƏSCİDİNİ PARTLATMAQ İSTƏYƏN dəstənin daha bir üzvü yaxalandı

“Məşədi Dadaş” məscidində partlayış törətməyə hazırlaşan dəstənin daha bir üzvü ələ keçib.

 

Bunu Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq deyib. Tutulan şəxsin Azərbaycan vətəndaşı Əhmədov Elxan Oktay oğlu olduğunu qeyd edən A. Babayev onun təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib.

 

2012-ci ilin aprel ayında Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq barədə öz aralarında razılığa gəliblər. Onlar bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Yasamal rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin, Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında İnternetdə “facebook” sosial şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi tədbirlərlə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Onlardan xeyli sayda odlu silah və döyüş sursatı götürülüb. 

 

Müəllif | Apa.Tv
Apa.tv