Balakəndə avtomobil iki piyadanı vurub, birinin vəziyyəti ağırdır
Balakəndə iki piyadanı maşın vurub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə iyulun 28-i axşam saat 22:00 radələrində rayonun Kortala avtomobil yolunda baş verib.
1984-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini Xanəli Zamil oğlu Qurbanov idarə etdiyi "VAZ 21074" markalı 90 BU 913 dövlət nömrə nişanlı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan piyadalar - rayonun Kortala kənd sakinləri, 1993-cü il təvəllüdlü Fərhad Nəbi oğlu Eminovu və 1994-cü il təvəllüdlü Elnur Sərdar oğlu Şibliyevi vurub. Qəzadan sonra yaralılar Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan verilən məlumata görə, yaralılardan Fərhad Eminov qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Elnur Şibliyevin vəziyyəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.