Vilnüs Sammitində bu sənədlər imzalanacaq

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında hansı sənədlərin imzalanacağı bəlli olub. AB-nin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb. 

 

APA TV-nin xəbərinə görə, əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının yaradılması barədə sazişin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.  

 

Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub. Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq. Azərbaycan prezidenti İlham Əliyev də Vilnüs sammitində iştirak edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv