Təkəri partlayan "Kamaz" mikroavtobusa çırpıldı: 2 ÖLÜ, 7 YARALI

Ağstafa rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə, qəza Bakı-Qazax magistral yolunun 450-ci km-də qeydə alınıb. Qazaxdan Bakıya sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobus qarşı tərəfdən gələn "KamAZ"la toqquşub.

 

Hadisə zamanı mikroavtobus yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə sürücü, Qazax rayonunun Xanlıqlar kənd sakini, 41 yaşlı Mətləb Mustafayev və yolun kənarında dayanan Ağstafa rayonunun Aşağı Göyçəli kənd sakini, 30 yaşlı Niyaməddin Tağıyev hadisə yerində ölüblər. Mikroavtobusda olan 7 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Ağstafa rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü yüngül, 4-ü isə orta ağır dərəcəli bədən xəsarətləri alıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb “KamAZ” markalı avtomobilin ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli