Səfir: "Culfa sərhəd-keçid mətəqəsindəki məhdudiyyət..."

"İstənilən dövlət, şəxslər və qruplar tərəfindən törədilmiş terroru pisləyirik. Biz Xocalı hadisəsinə görə də həmişə Azərbaycan xalqının dərdinə şərik olmuşuq".

 

APA TV-nin xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Beyrutda İran səfirliyində törədilmiş terror aktı ilə bağlı keçirilən anma mərasimində deyib. Səfir İran-Azərbaycan münasibətlərinə də toxunaraq, iki ölkə arasında heç bir soyuqluğun olmadığını deyib. Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrində yaranmış narazılığa gəlincə, səfir uzun sərhədə malik ölkələr arasında belə olayların baş verməsinin təbii olduğunu bildirib: "Bu məsələ iki ölkə arasında gərginliyin olduğu mənasını vermir. Məsələ hər iki tərəfin dostcasına müzakirələri nəticəsində həll olunur. Müzakirələr nəticəsində sərhədlər açıldı. Dekabrda iki ölkənin sərhəd məsələləri üzrə müştərək komissiyası Bakıda toplanacaq".

 

Səfir Culfada yeni körpünün istifadəyə verilməsindən sonra 30 tondan artıq yükə məhdudiyyət məsələsinin də aradan qaldırılacağını deyib: "Culfa sərhəd-keçid məntəqəsindəki məhdudiyyət körpünün qorunması üçündür. Hazırda istifadə olunan körpü köhnədir. Ağır yük maşınlarının keçməsi ilə körpü dağıla, Naxçıvan və İran arasında yol bağlana bilər. Məhdudiyyətlər sırf texniki məsələdir, siyasiləşdirmək lazım deyil".

 

Səfir İran prezidenti Həsən Ruhaninin siyasətinin əsas prinsipinin qonşularla münasibətlərinin normallaşdırılması və yaxınlaşdırılması olduğunu deyib. Onun sözlərinə görə, İran-Azərbaycan dostluğu daimidir və yeni prezidenti dövründə bu münasibətləri daha da inkişaf edəcək.

 

Noyabrın 19-da Beyrutda İran səfirliyində baş verən terror aktında 25 nəfər həlak olub, 150 nəfər yaralanıb. Həlak olanlar arasında İranın Livandakı səfirliyinin mədəniyyət müşaviri İbrahim Ənsari də olub. Bununla əlaqədar noyabrın 27-də səfirliyin əsas binasında “Xatirə kitabı” qoyulub.

Müəllif | Apa.Tv