Ukraynada universitetlər tətilə başladı

Ukraynanın bir sıra universitetlərində minlərlə tələbə ölkənin Avropaya inteqrasiyasına və Kiyevdəki kütləvi aksiyaya dəstək əlaməti olaraq, xəbərdarlıq tətili keçirib. APA TVnin xəbərinə görə, “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin 2 min tələbəsi rektor Qriqori Kvit ilə birlikdə paytaxtın Müstəqillik Meydanına yürüş edib. Taras Şevçenko adına Kiyev Milli Universitetinin də 2 min tələbəsi Şevçenko parkından meydana doğru irəliləyib. Draqomanov adına Milli Pedaqoji Universitetin və digər ali məktəblərin tələbələri də aksiyaya qoşulub. Müstəqillik Meydanında bütün tələbələrin ümumi aksiyası keçiriləcək.   

 

Bu arada Ukrayna prezidenti Viktor Yanukoviç hüquq-mühafizə orqanlarını və avrointeqrasiya tərəfdarlarını keçirilən kütləvi aksiyalar zamanı güc tətbiq etməməyə çağırıb. Prezident deyib ki, dövlətin bütün hüquq pozuntularına və pozucularına reaksiya vermək üçün kifayət qədər gücü var.

 

Onun sözlərinə görə, Ukrayna və Avropa Birliyi azad iqtisadi zonaya münasibətdə mövqelərini Rusiya ilə üçtərəfli görüşlərdə razılaşdırmalıdır.

 

Noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ sazişin hazırlanmasını dayandırdığını elan edib. Bildirilib ki, bu sənədin imzalanması Ukrayna üçün Rusiya və MDB bazarlarını itirmək və böyük iqtisadi zərər hesabına başa gələ bilər. Sazişin noyabrın 28-29-da Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində imzalanması planlaşdırılırdı. Hökumətin bu qərarından sonra Ukrayna müxalifəti və avrointeqrasiya tərəfdarları etiraz aksiyalarına başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv