Vladimir Volox: "Azərbaycanlılar özlərini yaxşı aparırlar"

“Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələrdən sonra Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı elə də çox deyil”. Rusiya Federal Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Vladimir Voloxuv APA-ya deyib ki, məlum hadisələrdən sonra saxlanılan Azərbaycan vətəndaşlarının sayı çox olub. Lakin digər ölkələrdən olan miqrantlarla müqayisədə Azərbaycandan olan miqrantların sənədləri qaydasında olub və əksəriyyəti sərbəst buraxılıb. O qeyd edib ki, konkret rəqəmlər olmasa da, ümumilikdə Rusiyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı digər MDB ölkələri ilə müqayisədə çox azdır.

 

Rusiyada yaşayan azərbaycanlıların miqrant kimi özlərini normal apardığını söyləyən Şura sədri KİV-də nümayiş olunanların uzağı görməyən adamların əməli olduğunu bildirib: "Azərbaycanlılar miqrant kimi özlərini çox yaxşı aparırlar. Azərbaycanın diaspor təşkilatları miqrantların Rusiya cəmiyyətinə inteqrasiyasında fəal iştirak edir”.

 

Rusiyanın miqrantlarla bağlı probleminin əsas səbəbinin idarəçiliklə bağlı olduğunu söyləyən Vladimir Volox bildirib ki, artıq Rusiyanın miqrasiya siyasəti ilə bağlı dövlət konsepsiyası hazırlanıb və prezident Vladimir Putin tərəfindən imzalanıb. Rusiya dövlətinin miqrasiya strategiyasını müəyyən edəcək konsepsiyanın əsas məqsədi dövlətin milli təhlükəsizliyini, demoqrafik vəziyyəti, miqrantlardan istifadə etməklə sosial-iqtisadi inkişafı təmin etməkdən ibarətdir.

 

Müəllif | Apa.Tv
Apa.tv