ZAQATALADA XÜSUSİ ƏMƏLİYYAT! - ƏN YENİ ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Zaqatala rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı DİN-in və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub. Hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb.

 

"İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib. APA TV-nin xəbərinə görə, cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb.

 

Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq, Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

 

Fakt üzrə cinayət işi açılıb, bu istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv