Putin Ermənistana gedəcək

Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də İrəvana səfər edəcəyi gözlənilir. Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat xidmətinin məlumatına görə, Rusiya və Ermənistan prezidentləri İrəvanda bir sıra tədbirlərdə iştirak edəcəklər. APA TV-nin xəbərinə görə, Ermənistan paytaxtında Ermənistan və Rusiyanın regional əmkdaşlağına həsr edilən forumun da keçiriləcəyi planlaşdırılıb. Gümrü şəhərində isə Putin və Sarkisyan Rusiyanın 102 hərbi bazasına baş çəkəcəklər. İrəvanda, həmçinin ikitərəfli danışıqların keçirilməsi də gündəmdədir. Ermənistan prezidentinin Rusiya səfəri zamanı gəlinən razılıqlar və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılacaq. Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Məkana üzv olması ilə gələcək mərhələlərə aydınlıq gətiriləcək. İkitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi barədə də sənədlər imzalanacaq. Görüşün yekunları barədə KİV-ə geniş məlumatın veriləcəyi də bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv