Lənkəranda təbii qaz problemi həll olunacaqmı?
Lənkəranda rayon mərkəzinə yaxın yaşayış məntəqələrindən olan Sütəmirdov kəndinin təbii qazla təminatında problem yaranıb. Bu problem hər il qış mövsümündə təkrarlanır. Rayonun ən ucqar yaşayış məntəqələrinə təbii qaz verilsə də, Sütəmurdov nədənsə yada düşməyib. Yerli sakinlərin dəfələrlə müraciət və şikayətlərdən sonra verilən sözə də əməl olunmayıb. Vədlərə inanıb, odun tədarükü görməyən sakinlər qış aylarında evlərini necə qızdıracaqlarını düşünürlər: "Dəfələrlə söz verdilər ki, qaz çəkiləcək. Biz də qışa odun tədarükü görmədik. İndi neynəyəcəyik?"
Deirlər ki, kənddə qaz borularının çəkilməsi və sayğacların quraşdırılması zamanı səhlənkarlığa yol verilib. Ara küçələrdə isə ya sayğac qutularının içi boşdur, ya da sayğaca giriş-çıxış xətləri yoxdur: "Guya qaz çəkiblər, xətlər birləşdirilməyib, hamısı boşdur".
Ümumiyyətlə isə kənddə qaz çəkilişi prosesi bir aya yaxındır ki, dayanıb. Lənkəran Qaz İstismarı Sahəsinin qəza dispeçer xidmətinin rəisi Azad Babayev APA Tv-yə dedi ki, Sütəmurdov və rayonun daha bir neçə kəndinə təbii qazın verilməsinin yubanması qaz xətlərinin tikintisini həyata keçirən şirkətin işi texniki səbəblərdən müvəqqəti dayandırması ilə bağlıdır: "Yəqin ki, yaxın vaxtlarda işlər bərpa olunar. Sütəmirdov kəndinin camaatı da təbii qazdan istifadə edəcək".