Mikroavtobusa pomidor yükləyib yola çıxdı, "KamAZ"la toqquşdu - UCARDA
Ucarda yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi "Ford" markalı pomidor yüklü sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və sürücünün həmyerlisi olan sərnişin - 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.