APA Holding”in əməkdaşı: “Ermənilər mənim qalibiyyətimlə barışa bilmirlər”

Azərbaycanlı jurnalist, Vesti.az saytının əməkdaşı Vüqar Həsənov Soçidə Cənubi Qafqaz ölkələrin jurnalistlərinin seminarında ən yaxşı müsahibə nominasiyası üzrə birinci yerə layiq görülüb. Ermənilərin aktiv iştirak etdiyi seminara Vüqar müəyyən müddətdə yazdığı məqalələr, müsahibələr əsasında dəvət olunub: "Heç gözləmirdim ki, Azərbaycandan müsahibə nominasiyası üzrə qalib olacağam. Çox sevindim. Orada da vurğulandı ki, ən çox müsahibə göndərən Azərbaycandandır və mənim işlədiyim Vesti.az agentliyidir".

 

Vüqar Həsənov APA TV-yə deyib ki, Soçidə erməni diasporu çox güclüdür. Belə ki, erməni əhalisinin sayı soçililərdən sonra ikinci yerdədir, həmin şəhərdə 180 min erməni yaşayır. Həmkarımız danışıqlar və Soçidə keçiriləcək olimpiya oyunlarının müzakirəsi zamanı onların aktivliyinin müşahidə olunduğunu bildirib: "Onlar çox çalışırlar ki, şəhərdə gedən proseslərə aktiv qatılsınlar. Erməni nümayəndələrlə Qarabağ haqqında da söhbətlər oldu. Müəyyən narazılıqlar da oldu. Hər iki tərəf öz mövqeyini bildirdi. Hətta mətbuatda da onların mənə qarşı müəyyən təzyiqləri başlayıb. Biz artıq buna alışmışıq. Vesti.az olaraq bizim əsas məqsədimiz ermənilərə informasiya müharibəsində uduzmamaqdır. Şükür allaha ki, hələ ki bu işdə biz uduzmuruq".

 

Vüqar Həsənov deyir ki, erməni milləti öz xislətini Soçidə seminar zamanı da göstərib. Bütün günlərdə Azərbaycan və erməni milləti arasında sabit şəkildə gedən müzakirələrə baxmayaraq, seminarın bitməsinə bir neçə gün qalmış onlar olimpiya stadionlarından birində quraşdırılmış böyük kameraya "Hayastan" və "Qarabağ" qışqırıblar: "Biz buna çox kəskin reaksiya verdik. Təşkilatçılar onlara başa saldı ki, bu tədbirdə siyasi məsələlər müzakirə olunmayacaq və xüsusilə də Qarabağ münaqişəsinin müzakirəsi bu tədbir üçün nəzərdə tutulmayıb".

 

Vüqar ermənilərin onun qalibiyyəti ilə barışa bilmədiklərini deyib. Vüqar Həsənovdan başqa daha bir azərbaycanlı tarixi məqalə nominasiyası üzrə birinci yerə çıxıb. Ermənilər isə yalnız bir nominasiya- analitik məqalə nominasiyası üzrə qalib gəliblər. Vesti. az saytının əməkdaşı dırnaqarası məqaləni oxuduqdan sonra öz təəccübünü gizlədə bilmədiyini də xüsusi vurğulayıb.

 

Müəllif | Apa.Tv