Quşların dilini bilən insan - REPORTAJ

Bura nə zooparkdır nə də quşların xüsusi saxlanıldığı yer. Bura evdir. APA TV-nin çəkiliş apardığı bu evdə 10-dan artıq növə aid 100-dən çox quş saxlanılır.

 

Natiq Hacıyev öz evində müxtəlif rəngli, müxtəlif cinsdən olan tutuquşuları saxlayır. Tanışları arasında da quşbaz kimi tanınan Natiq 15 yaşından quşlara maraq göstərir. O zaman yalnız bir neçə quş saxlayan Natiq sonralar, necə deyərlər, təsərrüfatını genişləndirir.

 

Müsahibimiz quşları qazanc məqsədi ilə yox, maraq üçün saxladığını deyir. O, quşları satışa çıxarmır, yalnız dostlarına hədiyyə kimi verir. Çox vaxt isə özü açıb qəfəsdən buraxır. Natiq indi quşları üçün ayrıca otaq da hazırlayıb.

 

Natiq Hacıyev quşlardan həvəslə danışır: "Elə vaxt olub ki, quşları evdə saxlamışıq. 2-3 il bizimlə bir evdə ailə kimi yaşayıblar. Quşlar çox ağıllı canlıdır. Evdə özlərinin ayrıca yeri var idi, gedib yatırdı. Səhər olanda isə gəlib bizi yuxudan oyadırdı ki, yemək verək".

 

Gün ərzində quşlara 4-5 saat vaxt sərf etdiyini deyən Natiq mövsümdən asılı olaraq onların yerini dəyişir. Qış aylarında quşların xəstələnməməsi üçün müxtəlif meyvə və tərəvəzlərdən şirə çəkib onlara içirdir.  O, bütün həyatını bu quşlara bağlayıb. Xəstələnəndə qayğısına qalır, quşları tələf olanda isə kədərlənir. Amma quşları qəfəsdə görmək istəmədiyini də deyir. Bunun üçün bağında kiçik guşə yaratmaq fikrindədir. O, quşlarının kifayət qədər bahalı olduğunu söyləyir. "Razillanın bir cütünün qiyməti təxminən min manatdır. Korilla 300 manatdır. Əgər həvəs varsa, bundan istifadə etmək lazımdır. Nə qədər çox olsa, o qədər yaxşıdır".

 

Psixoloqların fikrincə, ev heyvanları insanların əsəblərini sakitləşdirir. İnsana ən çox müsbət enerji verən canlılar isə balıqlar və quşlar hesab olunur. Bunu Natiq də təsdiqləyir. Onun sözlərinə görə, ən çətin vaxtında belə, quşlarla vaxt keçirəndə əhvalı yaxşılaşır.

 

"Yorulanda gəlib dincəlirsən, elə onların səsləri nəyə desən dəyər".

 

Natiq Hacıyev bu quşları saxlamaq üçün ayda 200 manata qədər xərci çıxır. Amma o  bəzi tanışlarının quşbazlığa yaxşı baxmadığını da gizlətmir. Çoxu ona ciddi işlə məşğul olmağı məsləhət görür. Lakin Natiq bu həvəsini davam etməkdə israrlıdır. Özünün dediyi kimi, məqsədi quş saxlamaqda ad çıxarmaqdır. 

 

 

Müəllif | Apa.Tv