Apteklərdə narkotik tərkibli SAXTA "TROPİN" SATANLAR HƏBS OLUNDU

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçirib. APA TV-nin xəbərinə görə, narkotik və psixatrop tərkibli preparatların ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi və apteklərdə qanunsuz satışının təşkil edilməsində təqsirli bilinən şəxslər cinayət başındaca yaxalanıblar. Gədəbəy rayonunda anadan olmuş, 36 yaşlı Elman Qarayev və Fizuli rayonunda anadan olmuş 32 yaşlı Sahib Xudiyev satışı qadağan olunmuş 180 ədəd "Tropin" preparatını 1500 manata satarkən ələ keçirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə satışı qadağan edilmiş Tropin preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxslər güclü təsiredici tərkibə malik olan "Tropin" preparatlarını Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər. Əməliyyatçılar evə baxış zamanı əlavə olaraq xeyli sayda Tropin aşkarlayaraq götürüblər. Saxlanılan Elman Qarayev bunları deyib: "İrandan taksi sürücüsü var idi, , dedi ki,bunu tapa bilər. Onunla getdik. 4 litrini 600 dollara götürdük".

 

Elman Qarayev ifadəsində bildirib ki, “Tropin” preparatını izi itirmək üçün şprislə “Naftizin” flakonlarına qablaşdıraraq satmaq üçün tanışı Sahib Xudiyevə verib. Sahib isə öz növbəsində insan həyatı üçün xüsusilə təhlükəli olan və narkotik maddə aludəçiləri tərəfindən damara yeritmə yolu ilə qəbul edilən preparatları müxtəlif apteklərdə baha qiymətə satdırıb: "Elman satış məqsədi ilə gətirdi. Mən özüm də istifadə edirdim, apteklərə də verirdim. Apteklərdə 18-20 manata satılır".

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv