Türkiyənin xarici işlər naziri Ermənistana gedəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək. Gələn ay reallaşacaq səfərin məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməkdir. Türkiyə mətbuatı Davudoğlunun Ermənistana səfər etmək üçün müəyyən şərtlər irəli sürdüyünü və erməni tərəfinin bu şərtləri qəbul etdiyini yazır. İnandırıcı görünməsə belə, “Sabah” qəzetinin yazdığına görə, Ermənistan öz Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş iki rayonundan geri çəkəcəyi barədə şifahi öhdəlik götürüb və yalnız bundan sonra Davudoğlu İrəvana getmək razılığını verib. Davudoğlunun Türkiyə-Ermənistan münasibətlərində "bəzi yaradıcı fikirlər, yeni düşüncələrlə bu prosesi irəli aparmağa çalışırıq " fikrinin detallarını açıqlayan müəllif bildirir ki, Davudoğlu Amerikada keçirdiyi görüşlərdə, baş nazir Ərdoğan isə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Qafqaz regionunda problemlərin həlli üçün yeni yol xəritəsini müzakirə ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv