Kuklaların ifasında "Arşın mal alan"

Yaxın günlərdə Qız qalası muzeyi istifadəyə veriləcək. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, muzeydə Qız qalasının tarixinə, əfsanələrə dair məlumatlar təqdim olunacaq: "Qız qalasında bərpa işləri demək olar ki, başa çatıb. Orda artıq muzey ekspozisiyasının yaradılması istiqamətində işlər aparılır. Biz planlaşdırırıq ki, yaxın aylarda tam muzey olaraq fəaliyyətə başlasın".

 

İdarə rəisi deyib ki, qoruq ərazisindəki tarixi binaların biri teatr binası kimi fəaliyyət göstərəcək. Bina 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet teatrına xidmət edəcək. Teatrın fəaliyyətinin genişləndirilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu təşəbbüsü irəli sürüb: "Artıq Marionet teatrının yerləşdirilməsi üçün İçərişəhərdə tarixi bir bina seçilib. Həmin binanın bərpası və teatrın fəaliyyəti istiqamətində uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb. Təqribi biz gözləyirik ki, iki il davam edəcək".

 

Binanın olmamasına görə, 20 illik fəaliyyətində cəmi bir tamaşa təqdim edə bilən teatr artıq iki yeni tamaşa üzərində çalışır. Teatr yaxın gələcəkdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “O olmasın, bu olsun” operattalarını səhnələşdirəcək. Dövlət rəsmiləri, ictimai xadimlər, habelə diplomatik korpusun nümayəndələrinin də qatıldığı bu dəfəki tamaşada "Arşın mal alan" operattası təqdim edilib.

 

Tamaşanın rejissoru, Marionet teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyəti 30 santimetrlik kuklalarla operattanı qonaqlara təqdim edib.

 

Marionet teatrının “Arşın mal alan” tamaşası1989-cu ildə Fransada teatr festivalında nümayiş olub. Almaniya, ABŞ, İsveçrə, Rusiya, Polşa və s. ölkələrdə çıxışlar edib.

 

Müəllif | Apa.Tv