Həftənin ilk ticarət sessiyaları: NEFT BAHALAŞIR
Birjaların ilk ticarət sessiyalarında neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, bahalaşma neft bazarında balansın yaranmasına dair gözləntilərlə bağlıdır. Balansın yaranmasına mane olan əsas amil yenə də ABŞ, Liviya və Nigeriyada hasilatın artma ehtimalıdır.
Həftə sonu neftin təxminən 2 dollar bahalaşmasını təmin edən səbəblər hələ də bazara təsirini saxlayır. ABŞ-ın böyük neft emalı zavodlarından birinin öz fəaliyyətini dayandırması neftin bahalaşmasına təsir göstərir. Texasda "Exxon" şirkətinə məxsus zavodda gündəlik 584 min barel neft emal olunurdu, bu zavod emal gücünə görə ABŞ-ın sayca ikinci zavodu hesab edilir.
Digər tərəfdən uzun müddətdən bəri ilk dəfə olaraq şist nefti hasil edən buruqların sayında azalma qeydə alınıb. "Baker Hughes" şirkəti ötən həftə buruqların sayının 5 vahid azalaraq 763-ə düşdüyünü açıqlayıb. Eyni zamanda dünyada neft ehtiyatlarının azalmasını göstərən digər amillər də qiymətlərin bahalaşmasını dəstəkləyir.