Rusiyadan gətirdikləri qadınlarla qəzaya düşdülər: MAŞIN AŞDI, ÖLƏNLƏR VAR
Lerikdə baş verən ağır qəzada iki nəfər ölüb, iki nəfər yaralıb.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 24-cü km-də qeydə alınıb. "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq, dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü, Lənkəran rayonu Diryan kənd sakini, 35 yaşlı Rahim Fərzullayev və sərnişini Rusiya vətəndaşı 38 yaşlı Yelena Anatolyevna Qolba hadisə yerində ölüb.
Avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar Lənkəran rayonu Diryan kənd sakini, 49-yaşlı Tağı Tağızadə, digəri isə Rusiya vətəndaşı 37 yaşlı İrina Yuriyevna Suvorovadır. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Qeyd edək ki, hadisəyə səbəb sərt döngədə sürücünün idarəetməni itirməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.