Həbsdən çıxdı, adam bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı Dövlət Universitetinin yaxınlığında qeydə alınıb. Bakı sakini, 57 yaşlı Mürsəlov Sərraf Həsən oğlu bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda vəziyyəti ağırdır.

 

Sərraf Mürsəlov və Elşad Rəhimov küçədə qarşılaşıblar. Bir-birini tanımayan bu iki adam yolla gedərkən bir-birilərinə toxunub. Sərxoş Elşad Rəhimovun ona dəyməsi Sərraf Mürsəlovun xoşuna gəlməyib və 57 yaşlı kişi iradını bildirib. İrad da Elşad Rəhimovun xoşuna gəlməyib. Nəticədə, Sərraf Mürsəlov bıçaqlanıb.

 

Cəmi 8 ay əvvəl həbsdən çıxan Elşad Rəhimov sərxoş olduğundan hadisəni xatırlamadığını deyir. Deyib ki, həmişə üstündə bıçaq gəzdirirmiş. Hadisə günü Elşad Rəhimov spirtli içki qəbul edib və sonra nə baş verdiyini yada sala bilmədiyini iddia edir.

 

“Mənim qoca kişi ilə nə işim var”, - deyən Elşad Rəhimov bıçaqladığı Sərraf Mürsəlovun xəstəxanada ağır vəziyyətdə olduğunu eşidəndə də xeyli təəccüblənib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1- ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bu cinayət əməlinə görə üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv