Bakıda brend mağazalardan birində yanğın baş verib
Bakının mərkəzində yerləşən mağazalardan birində yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb, alovun qonşu mağazalara keçməsinin qarşısı alınıb.
Yanğın 30-35 kvadratmetr ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. İlkin ehtimala görə, hadisəyə elektrik xətlərində qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.