Xaçmazın bu kəndinin işıq problemi həll olunacaqmı?

Xaçmaz rayonunun yeni salınan yaşayış massivinin sakinləri elektrik enerjisi sarıdan əziyyət çəkir. 10 ilə yaxındır, salınan və təxminən 250-dən çox yaşayış evi olan ərazidə elektrik xətləri yararsızdır. Yaşayış massivinə enerji qonşuluqdakı Mürsəlqışlaq kəndindən çəkilib. Sınıq dirəklər, kortəbii formada çəkilən naqillər isə əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə imkan vermir.

 

Sakinlərin sözlərinə görə, aidiyyatı dövlət qrumlarına problemlə bağlı dəfələrlə müraciət olunub. Müraciət etdikləri Xaçmaz Rayon İcra Hakimiyyətinin tapşırığı ilə ərazidə elektrikpaylayıcı quraşdırılsa da, digər məsələlər tam həllini tapmayıb. 

 

Xaçmaz Elektrik Şəbəkəsindən APA TV-yə bildirdilər ki, artıq yaşayış massivinə elektrik xətlərinin çəkilməsi işlərinə başlanılıb. İdarənin rəisi Mustafa Rəsulovun sözlərinə görə, həmin yaşayış massivinə 1500 metr uzunluğunda 10 kv-luq elektrik xətti çəkilir. Ötən gün 10-a yaxın elektrik dirəyi torpağa basdırılıb. Yaxın bir həftə ərzində isə yaşayış massivi elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif | Apa.Tv
Vəli Turan