Bakıda PİYADA QƏZA TÖRƏTDİ

Bakıda piyada yol-nəqliyyat hadisəsinə səbəb olub. APA TV-nin məlumatına görə, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsindəki yolayrıcında sürücü Əliyev Mirzəli Mais oğlu idarə etdiyi "KİA" markalı avtomobili maneəyə çırpıb. Sürəti yüksək olduğundan maşın yolayrıcındakı arakəsmənin üstünə çıxıb. Sürücü və avtomobildəki sərnişin xəsarət almayıb.

 

Sürücü Mirzəli Əliyev APA TV-yə bildirib ki, hadisə yolu keçmək istəyən iki piyada üzündən baş verib. Sürücü iddia edir ki, piyadalar yolu qadağan olunmuş yerdən keçmək istəyib. Hava çiskinli olduğundan piyadalardan birinin ayağı asfaltda sürüşüb və o, yolun hərəkət hissəsində yerə yıxılıb. Yusif Səfərov küçəsi istiqamətindən gələn və Heydər Əliyev prospekti ilə hərəkətini davam etdirmək istəyən "KİA"-nın sürücüsü yerə yıxılmış piyadanı görsə də, sürət yüksək olduğundan avtomobili saxlaya bilməyib, idarəetməni itirib. Nəticədə maşın yolun sağ kənarındakı arakəsməyə çırpılıb.

 

Sürücünün dediklərini Dövlət Yol Polisi İdarəsinin yol-nəqliyyat hadisələri üzrə müfəttişi araşdıracaq.
Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

Müəllif | Apa.Tv