İmişlidə dəhşətli qətl: Taksi sürücüsünə 13 bıçaq vurdu - SƏBƏB
İmişlidə taksi sürücüsü 13 bıçaq zərbəsi ilə qətlə yetirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhəri, Z. Əliyeva küçəsində törədilib.
Aralarında yaranmış şəxsi münaqişə zəminində İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Süleymanov Elçin Malik oğlu həmyerlisi, 1973-cü il təvəllüdlü Ağayev Əhsən Kamal oğluna çoxsaylı bıçaq zərbələri vurub. Sonuncu yaralı vəziyyətdə xəstəxanaya çatdırılarkən yolda ölüb.
Meyit İmişli Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Taksi sürücüsü kimi çalışan, 2 azyaşlı uşaq atası Əhsən Ağayev ailənin yeganə oğul övladı olub. Qətli törədən şəxs saxlanılıb.
Münaqişəyə səbəb hər iki şəxsin bir-birilərini ağır söyüşlərlə təhqir etməsi olub. Gecə radələrində Elçin Əhsənin taksi sürücüsü kimi fəaliyyət göstərdiyi dayanacağa gələrək mübahisə edib və elə orada da onu bıçaqlayıb.
Araşdırmalar davam edir.