Rompey: "Bu, Azərbaycanı Avropa Birliyinə yaxınlaşdıran addımdır"

“Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması Azərbaycanı Avropa Birliyinə yaxınlaşdıran daha bir addımdır”.

 

APA TV-nin xəbərinə görə, bunu Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey Vilnüsdə keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxışında deyib: "Biz yaxın vaxtlarda readmissiya və mobil tərəfdaşlıq haqda sazişin imzalanmasını səbirsizliklə gözləyirik".

 

Herman van Rompey Azərbaycan prezidenti İlham Əliyevi sazişin imzalanması münasibətilə təbrik edib.

 

Hazırda Vilnüsdə “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində plenar iclas keçirilir. Media üçün qapalı keçirilən toplantıda Avropa Birliyi Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, eləcə də AB üzvü olan digər dövlətlərin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları iştirak edir. Azərbaycanı prezident İlham Əliyev təmsil edir. 

 

Plenar iclasda “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq məsələləri və proqramın gələcək fəaliyyəti müzakirə olunur.

 

Yekunda sammitin Bəyannaməsi qəbul ediləcək. 

Müəllif | Apa.Tv
Apa.tv