Səlim Müslümov: "BU HOQQALARI QURTARMAQ LAZIMDIR"

"Mən sizə xəbərdarlıq edirəm. 3 nəfərlik kollektivi idarə edə bilmirsinizsə, siz yerinzdə deyilsiniz. Xəbəriniz yoxdur ki, bu gün onları çağırıblar, yoxsa yox".

 

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə keçirdiyi tədbirə kəskin iradla başlayıb. Nazir bildirib ki, komissiyalarda aparılan yoxlamalar zamanı xeyli nöqsan aşkarlanıb. Səlim Müslümov bu komissiyalara nəzarət edən Ali Nəzarət Komissiyasının ləğv edilməsinə göstəriş verdi: "Belə bir qurum lazım deyil. Nazirlər Kabinetinə müraciət edəcəyik. Əgər bu arayışları kimsə alıb əlinin altından satırdısa, onda 50 nəfər yaxın adam siz nə işlə məşğul idiniz?"

 

İclasda çıxış edən nazir müavini Natiq Məmmədov respublika üzrə TSEK-lərin fəaliyyəti ilə bağlı hesabat açıqlayıb. Məlum olub ki, bəzi komissiyalar ölkə üzrə intensivlik əmsalı dəfələrlə yüksəkdir. Səlim Müslümov fəaliyyətində nöqsanlara yol verən komissiya sədrlərini elə iclas zamanı işdən azad etdi: "Elə şəhər tibbi komissiyaları var ki, əhalini başdan ayağa əlil edib. Hər min nəfərdən 50-nə əlillik yazıb. Adam var ki, barmağı yoxdur. Hər il deyirlər ki, həkim komissiyasından keçsin. Barmağı yerinə gələcək? Qurtarmaq lazımdır, bu hoqqaları.  Bunun hamsının bir adı var - insanlardan nəsə ummaq".

 

 

Səlim Müslümov ümumlikdə 14 rayonun tibbi komissiya sədrini işdən azad etdi. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirildi. Bəzi komissiya sədrlərinə isə yerindəcə tapşırıqlarını verdi. Arayışlarını gözləyən vətəndaşların müraciətlərinə dərhal baxılmasını tapşırdı: "Təcili olaraq, arayışları göndərirsiniz. Eşidəm-biləm orda bir kəlmə də başqa bir söhnət olub, ən yaxşı halda hamınız burdan gedəcəksiniz".

 

Nazir dedi ki, arayışların gecikdirilməsinn qarşısının alınması üçün elektron xidmətə keçiriləcək. O, xidmətin dekabrın sonuna qədər işə başlaması üçün tapşırıq verdi. Bundan başqa, məlum olub ki, bəzi komissiyalar azərbaycanın ərazi bütövlüyü uğurunda sağlamlığını itirən insanlara arayışlar vermir və yaxud bəzi komissiyalar qanunsuz olaraq bu və ya digər adla saxta arayışlar təqdim edib: "Əllilik üçün müraciət edən şəxslərin məsələlərinə qeyri-obyektiv baxılır. 20 il, 15 il bu insanlar nə müalicəyə gəlib, nə həkim müayinəsindən keçib. Təkcə 20 il Müdafiə Nazirliyinin veridyi kağız əsasında əlillik dərəcəsi alıblar".

 

Səlim Müslümov yoxlamaların davam etdiriləcəyini, Baş prokurorluqla birlikdə araşdırmalar aparılacağını bildirdi. 

Müəllif | Apa.Tv