“Hüseyn Cavid Əsərləri”

Qafqaz Universitetində İstanbulda nəşr olunmuş “Hüseyn Cavid Əsərləri” kitabının təqdimatı keçirildi. Kitab Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü, “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında nəşr olunub. Universitetin rektoru Əhməd Sanıc, cavidşünas alim Kamran Əliyev, “Kaspi” qəzeti və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxışlarında Hüseyn Cavidin yaradıcılığından söz açdılar. APA TV-nin xəbərinə görə, Sona Vəliyeva bildirdi ki, Cavid irsinin öyrənilməsi Türk dünyası və bəşəriyyət üçün çox vacibdir. Cavid minilliklərin yazarıdır: "Yazıçı minilliklərlə davam edən romantizmi yeni məzmun və dram şəklində ədəbiyyata gətirdi. Bu, ədəbiyyatda yeni bir hadisə idi. O, XX əsr İrfan ədəbiyyatının davamçısıdır. Cavidin toxunduğu mövzulara, yaratdığı əsərlərə baxdıqda da onun xüsusi missiya üçün həyata gəldiyini görərik".

 

Sona Vəliyeva onu da qeyd etdi ki, yazıçının əsərlərində bütün türk xalqları üçün anlaşıqlı bir dil seçməsi təsadüfi deyil. Bu baxımdan Cavidin öyrənilməsi türk millətinin özünəqayıdışıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov və tədbirin digər iştirakçıları da Cavid yaradıcılığı və yazıçının Azərbaycan ədəbiyyatındakı rolu barədə çıxış etdilər. Sonda universitetin tələbələri yazıçının yaradıcılığından əsərlər səsləndirdilər.

 

Müəllif | Apa.Tv
Apa.tv