Azərbaycanda kişilərdə ən çox ağciyər xərçəngi yayılıb

Azərbaycanda kişilər arasında ən çox ağciyər, qadınlarda isə süd vəzisi xərçənginə rast gəlinir. APA TV-nin xəbərinə görə, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyir ki, bəzi bədxassəli şişlərə əsasən cavanlarda rast gəlinir. Bunlara sümük, yumşaq toxuma sarkomalarının daxil olduğunu deyən Ə. Əmiraslanov bildirdi  ki, bəzi xəstəliklərə isə yaşı 60-dan yuxarı olan insanlarda rast gəlinir: "Bu sahədə yalnız cavanlaşmadan danışmaq düzgün deyil. Bu xəstəliyə praktiki olaraq, hər yaşda, hətta uşaqlarda da rast gəlinir. Faiz nisbətini götürdükdə isə görərik ki, bu, əsasən yaşlı insanların xəstəliyidir”.

 

Xərçəng xəstəliyindən əziyyət çəkən insanların dərmanla təminatı barədə danışan Ə.Əmiraslanovun sözlərinə görə, dərman çatışmazlığı məsələsi tam həll olunub: "Artıq gələn ili üçün dövlət büdcəsi təsdiq edilib və burada da onkoloji xəstələrin dərmanla təchizatı üçün 40 milyondan yuxarı maliyyə vəsaiti ayrılıb. Mərkəzləşdirilmiş qaydada xəstələr tam pulsuz dərmanla təchiz olunurlar. Ola bilər ki, haradasa müəyyən səhvə yol verilir. Yenə də məsələdə insan faktoru rol oynaya bilər. Bəlkə də kimsə məsələdə sui-istifadə hallarına yol verir. Amma bu sahəyə çox ciddi nəzarət var".

 

Rektor dedi ki, Azərbaycan onkoloji xəstələrin sayına görə, MDB ölkələri arasında 3-4-cü, bəzən isə 2-ci yerdə olur.

O, Azərbaycanda xərçəng əleyhinə Dövlət Proqramının hazırlandığını söylədi.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova