20 illik yataqxana həyatının ardından... - məcburi köçkünlərin yeni evlərindən - REPORTAJ

Kimisi otaqların sayının az olmasından şikayətlənirdi, kimisi şəhərin mərkəzindən uzaq düşməsindən gileyli idi, kimisi isə onlara yeni mənzillərin verilməsini sevinc hissi ilə qarşıladı. Narazılıqlara, razılıqlara baxmayaraq, Bakının mərkəzindən böyük köç gerçəkləşdi.

 

Artıq onların yeni mənzillərə köçməyindən 9 ay keçir. Elə bil illərdir ki, burada yaşayırlar. Kiçik bizneslə məşğul olanlar, meyvə-tərəvəz satanlar...

Hər kəs öz işi ilə məşğuldur. Hətta artıq binanın həyətindəki kiçik torpaq sahəsini də özəlləşdirənlər var. Burada həyat öz axarı ilə davam edir.

 

Ağdamlı məcburi köçkün Yusif Əsgərov APA TV ilə söhbətində bildirdi ki, əvvəl hər gün şəhərə getmək onlara çətin gəlirdi, indi artıq öyrəşiblər. Məcburi köçkün həyatı yaşadıqlarından tez-tez köç etməyə alışıblar. "Onsuz da Azərbaycanın ən ucqar bölgələrindən köçkün düşmüş insanlarıq" - deyir. Sonra əlavə edir: "Əsas məsələ isə odur ki, məcburi köçkünlərin vəziyyətinin, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülüb".

 

"Qazımız, işığımız yaxşıdır. Bir dənə problemimiz istilik sistemidir. Onu da düzəldirlər. 4 gün bundan əvvəl yaxşı idi, indi nəsə problem yaranıb, amma məşğul olurlar".

 

Yusif dayının bir ay əvvəl ailə quran oğluna ayrıca bir ev də veriblər. Yusif dayı deyir ki, səhhəti imkan vermədiyi üçün işləyə bilmir. Günlərini qəzet oxumaqla keçirir. Evinə qonaq gələn kimi də onu nərd oynamağa dəvət edir. Bu dəfə mənimlə nərdtaxta arxasına əyləşdi.

 

"Gedərəm öz torpağıma... Balaca bir həyət ola... Bekar qalanda gedib işdən-gücdən görəsən, başını qatasan... Heç olmasa, göy-göyərti əkəsən, 5-10 dənə toyuq saxlayasan, yumurtasından istifadə edərsən".

 

Amma Əsgərovlar ailəsindən fərqli olaraq, yeni həyat tərzi 18-ci binanın sakinlərinə ciddi problem yaradıb. Sakinlər binaya köçdükləri vaxtdan evin içini su basdığını deyirlər. İki uşaq anası olan Elnarə Mehdiyeva deyir ki, deyəsən ömürləri köç etməklə bitəcək.

 

"Mart ayından bura köçmüşük, apreldən bu vəziyyətdəyəm. Səbəbini tapa bilmirlər".

 

Qaçqın və Məcburi köçkünlər üzrə Dövlət Komitəsindən bildirdilər ki, əslində, bu problem bir neçə gün əvvəl yaranıb. Səbəbi isə istilik sistemləri qoşularkən boruların partlamasıdır. Bunun nəticəsində isə evi su basıb. Hələ bir ili tamam olmayan binada bir neçə mənzilin divarlarında çat əmələ gəlib.

Məlumat üçün bildirək ki, Müşfiqabad qəsəbəsində yerləşən bu məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat vəsait hesabına inşa olunub.

 

Soydaşlarımızın sosial müdafiəsi məqsədi ilə 2003-2013-cü illərdə 51 fərman və sərəncam imzalanıb. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailə - 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya kompleksi tikilib. 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat həcmində vəsait sərf olunub. Bunun 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 0,8 milyard manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

 

 

Müəllif | Apa.Tv