VİLNÜS SAMMİTİNDƏ yekun bəyannamə qəbul edildi
“Münaqişələrin həlli, mehriban qonşuluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi regionda əməkdaşlıq, iqtisadi və sosial inkişaf üçün mühüm əhəmiyyət kəsb edir”.
APA TV-nin xəbərinə görə, bu barədə Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində bildirilir. Qeyd olunur ki, Vilnüs Sammitinin iştirakçıları münaqişələrin tezliklə və sülh yolu ilə həllinə dair Praqa və Varşava bəyannamələrində əks olunmuş fikirlərə əsaslanaraq, sabitlik və çoxtərəfli etimadın inkişafına öz töhfələrini artırmaq istəyirlər: "Biz Avropa Birliyinin münaqişələrin həllində və etimad tədbirlərinin yaradılması səylərində rolunun artırılmasını alqışlayırıq”.
Sammit iştirakçıları münaqişələrin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada görüş keçirməsini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqları davam etdirmək haqqında razılaşma əldə etməsini dəstəkləyirik”.
Yekun bəyannamədə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.
“Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişi imzalamağa hazırdır”. Bu fikirləri keçirdiyi mətbuat konfransında Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey deyib: "Qapı hələ də açıqdır. Bu gün imza atılmadı, imzalanma təxirə salındı, lakin biz ümid edirik ki, gec-tez Ukrayna sazişi imzalamağa hazır olacaq. Biz Ukrayna ilə işi davam etdirəcəyik".
AB rəhbəri bu tip sənədlər imzalanarkən üçüncü ölkələrin təzyiqini aşmağın vacibliyini vurğulayıb: "İndi cəsarətli olmaq və qərarlar qəbul etmək zamanıdır. Uzunmüddətli perspektivə nəzər saldıqda şübhə yoxdur ki, assosiasiya sazişinin imzalanması Ukrayna xalqının və ölkə iqtisadiyyatının xeyrinə olacaq”.
Herman van Rompey qeyd edib ki, Rusiya AB-nin strateji tərəfdaşıdır, lakin hər ölkənin müstəqil qərar qəbul etmək hüququ var. “Heç kim ölkələrin suveren qərarına qarışa bilməz”- deyə o vurğulayıb.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo isə bəyan edib ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə assosiasiya sazişinin imzalanması kiməsə və nəyəsə qarşı yönəlmiş proses deyil, demokratiya və inkişaf naminə prosesdir.
“Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.