Qapısı bağlı qalan MƏNZİLDƏN MEYİT TAPILDI

Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz qaldığı güman edilən şəxsin meyiti tapılıb. Şərifzadə küçəsi 122 ünvanında yerləşən binanın sakinləri  bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. APA TV-nin xəbərinə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi məlum olub. Qonşuların sözlərinə görə, ölən şəxs 65 yaşlı Yusif Yeliseyevdir. O, illərdir, bu ünvanda tək yaşayırmış.

 

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

 

 

Müəllif | Apa.Tv