Yer səthinə NEFT ÇIXARAN “Axtarma-Paşalı” vulkanı
Hacıqabul rayonunun Paşalı kəndinin ərazisi palçıq vulkanları ilə zəngindir. Azərbaycan palçıq vulkanlarının regionu kimi tanınır. Dünyada 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasındadır. Əksəriyyəti isə Bakı və Abşeron yarımadasındadır. Azərbaycanın Hacıqabul rayonunun Paşalı kəndi ərazisində böyüklü-kiçikli çoxlu sayda palçıq vulkanı var ki, onlardan bəziləri fəaliyyətdədir. Hətta yaxınlarda - 2013-cü ilin aprel ayında “Axtarma-Paşalı” vulkanı püskürüb. APA TV-nin xəbərinə görə, Geologiya İnstitutunun alimləri deyirlər ki, “Axtarma-Paşalı” Azərbaycanın ən böyük vulkanlarındandır. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir. İlk dəfə 1948-ci ildə püskürüb, bu isə 7-ci püskürmədir. Püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı suxurlar da atılıb. Ümumi həcmi 220 min kub metr olan vulkan palçığı 18 hektar sahəni örtüb. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkanın krater sahəsi çox böyük - 10 kv. km-ə yaxındır.
Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Xırda palçıq vulkanlarının əksəriyəti də neftlə qarışıq qaynayır.