İsrail səfirliyi qarşısında həbs olunan İRAN VƏTƏNDAŞI AZADLIĞA BURAXILDI
Azərbaycanda saxlanılan İran vətəndaşı Həsən Fərəci azadlığa buraxılıb. İranın Azərbaycandakı səfirliyin konsulluq şöbəsindən APA-ya verilən məlumata görə, həmin şəxs cümə günü səhər azad edilib. Həsən Fərəci Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçmək istəsə də, viza ilə bağlı problemləri olduğundan vətənə qayıda bilməyib və müvafiq sənədləri almaq üçün Lənkərana göndərilib.
Konsulluqda əlavə ediblər ki, H. Fərəci viza və qeydiyyat məsələlərini həll etmək üçün Bakıya gəlməli olsa da, şöbənin işçiləri bu gün səhər saatlarından onunla əlaqə saxlaya bilməyiblər.
Oktyabrın 31-də İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.