Ruslar İŞİD-in tacik nazirini öldürdü
Rusiya aviasiyanın İŞİD-in Suriyanın Deyr-ez-Zor şəhərində yerləşən komanda məntəqəsinə zərbələr endirməsi nəticəsində terror qruplaşmasının "müharibə naziri" məhv edilib.
APA TV-nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində "müharibə naziri" Gülmurod Halimov öldürülüb. Hava zərbələri zamanı beynəlxalq terror qruplaşmasının "müharibə naziri" müşavirədə olub. O, aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub" - deyə, Rusiya MN-in məlumatında bildirilir.
Qeyd edək ki, G.Halimov Tacikistan "OMON"un sabiq komandiri, polkovnik olub. O, İŞİD-də qoşulduqdan sonra "əl-Taciki" adı ilə tanınıb.
Rusiyanın aviazərbələri nəticəsində "Deyr-əz-Zorun əmiri" Əbu Məhəmməd əş-Şimali də öldürülüb. Avropanın bəzi xüsusi xidmət orqanları onu 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının əsas təşkilatçısı sayır.