Qəbələdə 725 YAŞLI KİTAB

20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olan Göyçay şəhər sakini Ruslan Məmmədov turistlərin çox gəlib-getdiyi Qəbələnin Duruca kəndindəki evində muzey və kitabxana yaradıb. O, şəxsi kitabxanasına topladığı 2100-ə yaxın qədim əlyazmanı, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini mühafizə edir: "Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan həmin əlyazma kitab “Qurani-Kərim”in təfsiridir".

 

APA TV-nin xəbərinə görə, kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı var. “Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü “Qurani-Kərim” kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var.

 

Ruslan Məmmədov şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma var. O, qədim kitabları toplamaqla yanaşı, bərpa edərək ömrünü uzatmaqla da məşğuldur. Ruslan Məmmədov qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplayır. Kağız pullar arasında M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu və Nadir şahın əmri ilə hazırlanan əskinaslar diqqəti çəkir. O, bu günədək 200-ə yaxın belə qədim əşya və əskinas topladığını bildirib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov