YAP-ın rayon təşkilatlarının rəhbərləri toplandı

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. APA TV-nin xəbərinə görə, partiya sədrinin müavini, icra katibi Əli Əhmədov deyib ki, müşavirədə qarşıdakı 5 ildə YAP şəhər və rayon təşkilatları, habelə partiya fəalları qarşısında duran vəzifələrin müzakirə olunacaq. Prezident seçkilərindən sonra ilk dəfə YAP şəhər və rayon təşkilatlarının sədrləri ilə görüş keçirildiyini deyən Əli Əhmədov partiyanın ötən dövr ərzində prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyini, növbəti 5 ildə də belə olacağını qeyd edib.

 

2014-cü ildə bələdiyyə seçkiləri keçiriləcəyini diqqətə çatdıran Əli Əhmədov bildirib ki, hakim partiya gələn ildə ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır. O, ötən 10 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın dünyada hörmətinin artdığını bildirib. Daha sonra müşavirə mətbuat üçün qapalı keçirilib.

 

Müəllif | Apa.Tv