Yeni salınan səkisi olmayan yollar - REPORTAJ

"Yeni çəkilən yoların kənarında yaradılan süni hündürlüklərin söküntüsünə yaxın günlərdə başlanılacaq".

 

Azəryolservis ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, prosesə Zabrat dairəsindən Pirşağı istiqamətində çəkilən yeni yolun ətarfında başlanıb. Yeni yolun əsaslı təmirindən sonra yol kənarında fəaliyyət göstərən bir sıra obyektlərin qarşısına torpaq tökülərək yoldan bir neçə sm hündürlüyə qaldırılıb. Bu isə yolun vaxtından əvvəl sıradan çıxmasına birbaşa təsir edən amillərdən biridir: "Yol kənarı obyektlərin yolun səviyyəsindən yuxarıdadır. Bu da yağış sularının birbaşa magistral yolun hərəkət hissəsinə axmasına, asfalt beton örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur".

 

Ümumi uzunluğu 9 km, eni isə 7 metrdən 14 metrə kimi genişləndirilən yeni yol 2 hərəkət zolaqlı yoldan 4 hərəkət zolaqlı yola keçirilib ki, bu da Pirşağı və Kürdəxanı istiqamətində avtomoboillərin rahat hərəkətini təmin edəcək. Lakin yeni yol 3 hərəkət zolaqından ibarət olsa da, avtomobillər bir sıra maneələrlə qarşılaşır: "Yeni yolda tıxaclar yaranır. Buna səbəb də şəhərdən Zabrat istiqamətinə gedərkən yolun iki zolağı əksər hallarda avtomobillər tərəfindən tutulur. Bu həm tıxac yaradır, həm də yolun nəzərdə tutulandan əvvəl sıradan çıxmasına səbəb olur".

 

"Azəryolservis" nümayəndəsi deyir ki, sözügedən ərazidə gediş-gəlişi təmin etmək üçün səkilərin salınması labüddür. Lakin bir sıra ərazilərdə yeni səkilərin salınması mümkün deyil. Çünki həmin ərazilərdə vətəndaşlar yol qırağı səkilərin torpağını zəbt edərək orda müxtəlif obyektlər tikiblər. Bu isə yeni səkilərin salınmasını mükşül edir.

 

Zabrat dairəsindən Pirşağı istiqamətdə yolun əsaslı təmirinin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. 9 km-lik  yeni yolun 8 km-nə  3 qat asfalt ötrüyünün  çəkilişi tam başa çatıb. Qalan 1 km yolun əsaslı təmiri isə dekabrın sonlarına kimi başa çataraq tam istifadəyə veriləcək. 

 

Müəllif | Apa.Tv