Səlim Müslümov: "TSEK SƏDRLƏRİNİN CƏZALANDIRILMASI DAVAM EDƏCƏK"
"Növbəti mərhələdə ünvanlı sosial yardımın təmin olunması prosesinin avtomatlaşdırılmasına keçiləcək".
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib: "İnsanların müraciətləri yalnız poçt qutularına qoyulacaq, onlar vasitəsilə həyata keciriləcək. Yəni yerlərdə bu məsələylə bağlı hansı bir manipulyasiya etmək imkanları olmayacaq. Bütün bu istiqamətlərdə siz cox qısa müddətdə şəfaf bir sistemin qurulduğunun şahidi olacaqsınız".
Nazir bildirib ki, 17 700-dən artıq şəxs yerlərdə Tibbi Sosial Ekspert Komissiyalarında müayinələrdən keçib və onlara əlillik verilməsi barədə qərar qəbul olunub: "Pensiya almaq istəyənlərə Dövlət Sosial Müdafiə Fondu və ya yerli orqanlardan müavinət almaq məqsədilə sadəcə arayış verilməli idi. Amma bu sənəd onlara verilməyib. Onların içində 2011-ci ildən qalan onkoloji, dializ, hətta birinci qrup xəstələr var. Biz təcili surətdə bu məsələ ilə məşğul olduq. Bir gündə 2 280-dən artıq şəxsə müvafiq arayışın verilməsi təmin olunub. Yerdə qalan 15 mindən artıq ərizənin 10 mininə 5 gündə baxılıb. Bu nə çətin iş idi ki, insanları süründürüblər, ərizələr stolun üstündə qalıb. Respublika göstəricisindən yuxarı göstəricilərə malik olan, yəni mənfi istiqamətə doğru olan komissiyaların sədrlərini cəzalandırdıq və bu proses davam edəcək".
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun iştirakı ilə Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Müsabiqəsinin qalibləri üçün konsert proqramı təşkil edilib.