Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə telefonla xəbərdarlıq edilib
Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə xəbər verən şəxsin tapılması istiqamətində axtarışlar davam edir. Hava limanının rəisi Bəylər Nəcəfovun APA TV-nın qərb bürosuna verdiyi məlumata görə, Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Hava limanında axtarışlar aparılıb, lakin heç bir şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 02.30 radələrində başa çatıb.
Bomba həyəcanı yaradan şəxs, Gəncə şəhər sakini, 32 yaşlı Həsənov Anar Məhərrəm oğludur. Onun spirtli içki və ya narkotik aludəçisi olduğu ehtimal edilir. Polis onun ünvanını müəyyən edib. Lakin Anar Məhərrəmov polisdən gizləndiyi üçün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.