Tailanda qarşıdurma - ÖLƏN VƏ YARALANANLAR VAR

Tailand polisi hökumət əleyhinə növbəti çoxminlik aksiya ilə əlaqədar Banqkok küçələrində təhlükəsizlik tədbirlərini gücləndirib. APA TV-nin məlumatına görə, müxalifət, baş nazirin iqamətgahını ələ keçirəcəyi ilə hədələyir. Nümayişçilərin lideri bəyan edib ki, bu istirahət günü müxalifət Çinavat rejiminə son qoyacaq.

 Hökumətin istefası tələbi ilə aksiyalar artıq neçə gündür ki, səngimir. Aksiyaların keçirildiyi əyalətlərdən birinin qubernatoru müxalifətin tərəfinə keçib, daha bir neçə şəhərdə isə müxalifətçilər yerli administrasiya binalarını zəbt ediblər.

Tailandın baş naziri Yinqlak Çinavat bildirib ki, hakimiyyət kütləvi çıxışları yatırmaq üçün ordudan istifadə etməyi hələlik planlaşdırmır.

 

Yinlik Çinavat Tailandın keçmiş rəhbəri Taksin Çinavatın kiçik bacısıdır. Müxalifət iddia edir ki, ölkə ilə bağlı taleyüklü qərarları hazırda xaricdə olan Taksin Çinavat qəbul edir. O, 2006-cı ildə çevriliş yolu ilə hakimiyyətdən devrilib və səlahiyyətlərindən sui-istifadəyə görə qiyabi şəkildə iki il müddətinə azadlıqdan məhrum edilib.

 

Müxalifətlə yanaşı hakimiyyət tərəfdarları da aksiya keçiriblər. Hökumət tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı 1 nəfər ölüb, 16 adam yaralanıb. Toqquşmalar "qırmızıköynəklər" adlandırılan hakimiyyət tərəfdarlarının mitinqinin keçirildiyi stadionun qarşısında baş verib. Müxalifətçilər stadionun qapılarını ələ keçirib və hakimiyyət tərəfdarlarını içəri buraxmamağa çalışıb. Bu səbəbdən yaranan qarşıdurma zamanı odlu silahdan da istifadə edilib. Toqquşmalarda həlak olanın 21 yaşlı tələbə olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv