Fuad Poladov çəkildiyi filmin təqdimatına gəlmədi
Aylardır gözlənilən “Mələyin öpüşü” filmi nəhayət ki, təqdim olundu. APA TV-nin məlumatına görə, qala gecəsi Nizami Kino Mərkəzində gerçəkləşdi.
Baş rol ifaçıları Oksana Rəsulova və Elşad Xose təqdimata ağ libasda gəldilər.
Elşad Xose: “Ağ geyinməyimiz təsadüfdür. Məndən çətin mələk olar. Demirəm ki, Oksanadan da çıxar. Amma məndən çətin çıxar”.
Oksana Rəsulova: “Biz ağ geyimdə gəldik ki, siz mələyin kim olduğunu müəyyən edə bilməyəsiniz”.
“Mələyin öpüşü”nün rejissoru Əsgər Əli Hacızadə film vasitəsilə verilən mesajı açıqlamaq istəmədi: “Əslində çox mesaj var. Yeddidən yetmişə hər bir tamaşaçı özünə görə mesaj alacaq”.
Filmdə Münəvvər Əliyeva, Fuad Poladov və Şamil Süleymanov çəkiliblər. Xalq artisti Fuad Poladov bu dəfə də qala gecəsinə gəlmədi. Adıçəkilən digər sənətkarların isə bu filmdən gözləntiləri çoxdur.
Münəvvər Əliyeva biləndə ki, Fuad müəllimlə tərəf-müqabilidir, çox sevinib: "Sevə-sevə razılıq verdim. İndiyə qədər çəkildiyim filmlərdən etiraf edim ki, çox da razı qalmamışam. Amma bu filmdən az-çox qaldım. Rejissordan razı qaldım. Uğurlu olsun!"
Şamil Süleymanov filmin süjet xətti barədə məlumat verib: “Bir ailənin başına gələn hadisədir. Heç kimin sığortalanmadığı ailə dramıdır. Arzu edərdim ki, bu rejissor dayanmasın. İlk addım üçün çox gözəl filmdir”.
Təqdimata gələn xalq artisti Firəngiz Mütəllimova da filmin uğurlu olacağına inanır: “Uğurlar arzu edirəm. Çox şey gözləyirəm. Fuad Poladov, Oksana, bizim Münəvvər, Elşad Xose var. Düzdür, baxanda hansısa filmlərdən kadrlara bənzətmişəm, amma bizim həyatımız da belədir. Bir hadisə sənin də, mənim də başıma gələ bilər. Baxır süjet xəttinə”.
İndi isə film barədə. Elxan qəza nəticəsində iflic keçirib əlil arabasına məhkum olur. Ona baxıcı lazımdır. Cahanın dostu ona bu işi təklif edir. Hər şey bundan sonra başlanır. Bir neçə baxıcını işi buraxmağa məcbur edən Elxan Cahanın öhdəsindən gələ bilmir desək, yerinə düşər. Tərs və inadkar Cahan Elxanı ayağa qalxmağa məcbur edir. Onu başa salır ki, əsl əlillik beyinlərdədir. Yeri gəlmişkən, Cahanın monoloqundakı bu məqamı rejissor həm də cəmiyyətdə baş verən bir çox mənfi halları göstərməklə də vurğulayıb. Elxanın valideynlərinin münasibətləri də ayrı xətt kimi inkişaf etdirilir.
Qeyd etmək yerinə düşər ki, Əsgər Əli Hacızadə ayrı-ayrı dramaturji xətləri uğurla uzlaşdırıb. “Mələyin öpüşü” uğurlu ssenari və musiqi ilə tamamlanır. Ekran işinin ssenari müəllifləri Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə və Süleyman Süleymanzadə, bəstəkarı Sevinc Ağasiyevadır.
Film artıq kinoteatrlarda nümayiş olunur.