İsmayıllıda ağır qəza: 2 nəfər hadisə yerində öldü, 5 nəfərin vəziyyəti ağırdır
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İsmayıllının Qalıncaq kənd sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nömrə nişanlı "VAZ 21015" minik avtomobili qarşı tərəfdən gələn 90-UT-602 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayılov Qalib Əllədin oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.
Sürücü Ehtiram Abdullayev, rayonun Qəzli kənd sakinləri 1997-ci il təvəllüdlü Məhəmməd Manafov, 2011-ci il təvəllüdlü Rəsul Abdullayev, 1992-ci il təvəllüdlü Şərif Abdullayev və 1995-ci il təvəllüdlü İmam Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.