30 sutka həbs cəzası alan İran vətəndaşı ölkəsinə yola salındı
Azərbaycanda saxlanılan İran vətəndaşı Həsən Fərəci ölkəsinə qayıdıb. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, viza ilə bağlı məsələ həll olunduqdan sonra Həsən Fərəci Dekabrın biri gecəsi təyyarə ilə Bakıdan Tehrana yola salınıb. Səfirlikdən o da bildirilib ki, Həsən Fərəci ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu vurğulayıb. Oktyabrın 31-də axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Həsən Fərəci axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinə gəlib. O özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşı Vüsal Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra Həsən Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Həsən Fərəci noyabrın 29-da səhər azad edilib. O, Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçmək istəsə də, viza ilə bağlı problemləri olduğundan vətənə qayıda bilməyib və müvafiq sənədləri almaq üçün Lənkərana göndərilib.