Gəncədə 10.000-dən artıq ağac əkilib
Gəncədə Heydər Əliyev Parkında keçirilən ağacəkmə aksiyasında 10 000-dən artıq könüllü iştirak edib. APA TV-nin məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi Gəncədə “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et” şuarı ilə ağacəkmə aksiyası keçirib.
Aksiyaya tələbə və gənclər qoşulub. 2016-cı il üçün "Avropanın Gənclər Paytaxtı"nda 10.000-ə yaxın ağac əkilib. Aksiya zamanı əkilən ağaclar əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigenlə zənginləşməsində xüsusi rolu olan Eldar şamı, Kiparis və Şərq çinarlarıdır. Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi bundan sonra da ətraf mühitin mühafizəsi işində gənclərin dəstəyi ilə ekoloji aksiyalarını davam etdirəcək. Gənclər isə bu cür aksiyaların keçrilməsini davamlı olmasını bildiriblər. Qeyd edək ki aksiya bundan əvvəl Bakı şəhərində keçirilib. Aksiyanın digər şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur.