Qəbələdə kanat yolu və dağ-xizək kompleksi inşa edilir
Qəbələ rayonunda "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi inşa edilir. Dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olacaq bu turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr şimalda yerləşir. APA TV-nin məlumatına görə, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarətdir. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatıb. Bir-birindən 1414 metr aralı məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılıb. Rayonda qış istirahət məkanının yaradılması, yəni otellərin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, qış idman növləri ilə məşğul olmağa imkan verəcək. Kompleksdəki bütün dağ-xizək trasının enmə zolaqlarının süni qar yaratma generasiya sistemi ilə təchiz edilməsi nəzərdə tutulub. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə orada 223 ədəd süni qar yaratma qurğusunun yerləşdirilməsi planlaşdırılıb. Bu istirahət mərkəzi gün ərzində 3 min nəfərə xidmət göstərmək imkanına malik olacaq.