Şəkidə ağır qəza: TİBB BACISI VƏ 13 YAŞLI OĞLU HƏLAK OLDU
Şəkidə baş verən ağır yol qəzasında üç nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, qəza Şəki və Qax rayonlarını birləşdirən yolda baş verib. Qax rayonu, Qum kənd sakini, Cümşüd Balıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Zaqatala şəhər sakini, Fərid İbrahimovun idarə etdiyi “Ford” yük avtomobili toqquşub. Qəza nəticəsində "VAZ 2106"-da olan Qax rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı, 46 yaşlı Sevinc Sadəddin qızı Qəhrəmanova və onun 13 yaşlı oğlu Əhməd Hacıyev hadisə yerində keçiniblər. "VAZ 2106" markalı avtomobilin sürücü Cümşüd Balıyev isə Qax rayon mərkəzi xəstəxanasında ölüb. Avtomobildə olan digər sərnişin, Qaxın Süskənd kəndində yaşayan 50 yaşlı Sevda İbrahim qızı Şərifova ağır xəsarətlərlə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Ford"un sürücüsü Fərid İbrahimov isə yüngül xəsarət alıb.
Hadisə yerinə Qax və Şəki rayonlarının polis əməkdaşları, avtomobildə sıxışıb qalanları xilas etmək üçün, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.