Ukraynada VƏZİYYƏT GƏRGİNLƏŞİR, qarşıdurmalar davam edir

Ukrayna müxalifətinin paytaxtın mərkəzi küçələrindəki mitinqi davam edir. Avrointeqrasiya tərəfdarları paytaxtın əsas prospekti olan “Kreşatik”i və Müstəqillik Meydanını tutublar.

APA TV-nin xəbərinə görə, Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları  polis barrikadasını yararaq, “Maydan”a daxil olublar.

Maydanda müxalifət liderləri nitq söyləyiblər. “Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib.

 

Keçmiş daxili işlər naziri, Yuri Lutsenko isə çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib. Sabiq nazir mitinq iştirakçılarını Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında toplaşmağa çağırıb.

 

Ukrayna Prezident Administrasiyasının önündə avrointeqrasiya tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Bir qrup üzü maskalı gənclər fayerlər yandıraraq polisə dəmir pullar və daş atıblar. Milis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, toqquşmalarda aksiyaçılardan və polis qüvvələrindən xeyli sayda yaralanan olub. 

 

Müəllif | Apa.Tv
Apa.tv