Rusiyalı politoloq: “DAĞLIQ QARABAĞDA MÜHARİBƏ BAŞLAMASI EHTİMALI VAR”

“Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpa olunması ehtimalının artdığını İrəvandan fərqli olaraq Moskvada daha çox anlayırlar”. Bu fikirləri tanınmış rusiyalı politoloq Aleksandr Skakov “Vesti.az” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Rusiyanın özünü necə aparacağı məlum deyil: “Hazırda sual bu şəkildə qoyulur: “Bu ssenari gerçəkləşəcəyi təqdirdə Rusiya özünü necə aparacaq? Məndə belə təsəvvür yaranır ki, Kreml bu situasiyada Ermənistanı müdafiə etmək barədə qərar qəbul edib, yaxud belə bir qərar yaxın zamanlarda veriləcək. Amma bir məsələ şəksizdir – Qarabağda müharibənin başlama ehtimalı yüksəkdir. Bu ehtimalın qarşısını almaq üçün vasitəçilər və əsas aktorlar münaqişə tərəflərinə təzyiqləri artırmalıdır. Onları kompromisə getməyə məcbur etmək lazım deyil, çünki, bu, demək olar ki mümkünsüzdür. Münaqişə tərəflərini güc tətbiqinə əl atmaqdan çəkindirmək lazımdır. Hələlik isə bu cür təzyiqlər yoxdur. Nəticə isə belədir – çox güman ki, Qarabağda müharibənin başlaması əsas aktorların planlarına cavab verir, onlar bu müharibədən öz məqsədləri üçün istifadə etməyə hazırlaşır, bulanıq suda balıq tutmaq istəyirlər”.

Müəllif | Apa.Tv